Qışın ortasında kombinin özbaşına sönməsi ən xoşagəlməz hallardandır. Ev tez soyuyur, isti su kəsilir. Yaxşı xəbər odur ki, səbəblərin bir hissəsini usta çağırmadan özünüz yoxlaya bilərsiniz. Aşağıda ustalarımızın ən çox qarşılaşdığı yeddi səbəbi topladıq.

1. Sistemdə təzyiq düşüb

Kombinin manometrinə baxın. Soyuq sistemdə göstərici 1-1.5 bar olmalıdır. 0.8 bardan aşağı düşəndə kombi qorunma rejiminə keçir və sönür. Təzyiqi doldurma kranı ilə özünüz qaldıra bilərsiniz: kranı yavaş-yavaş açın, ox 1.3-1.5 bara çatanda bağlayın.

Əgər təzyiq bir neçə gündən bir yenə düşürsə, sistemdə sızma var. Bu halda radiator birləşmələrinə, kombinin altına baxın. Görünən sızma yoxdursa, problem döşəmə altındakı borularda ola bilər və cihazla axtarış lazımdır.

2. Baca və ya hava axını problemi

Kombi yanma məhsullarını bacadan çıxara bilmədikdə təhlükəsizlik sensoru onu söndürür. Güclü küləkli günlərdə, bacanın ucunda quş yuvası və ya buz olduqda bu tez-tez baş verir. Bakının küləkli havasında bu səbəb xüsusilə aktualdır.

3. Qaz təchizatında fasilə

Ocağı yandırıb yoxlayın. Qaz yoxdursa, problem kombidə deyil. Qaz sayğacının kartında balansın bitməsi də kombinin sönməsinin səbəbi ola bilər, bunu da yoxlamağı unutmayın.

4. Alov sensoru çirklənib

İonizasiya elektrodu alovun varlığını yoxlayır. Üzərində qurum yığılanda kombi alovu "görmür" və qazı kəsir. Bu, servis zamanı təmizlənir və illik profilaktikanın niyə lazım olduğunu göstərən yaxşı nümunədir.

5. Nasos işləmir

Sirkulyasiya nasosu suyu sistemdə hərəkət etdirir. Nasos dayananda kombinin içində su tez qızır və həddindən artıq qızma qoruyucusu işə düşür. Yay boyu işləməyən nasos bəzən "yapışır" və payızda ilk işə salınanda dönmür.

6. Eşanjördə kirəc

Sərt su eşanjörün daxilində kirəc qatı yaradır. Su keçidi daralır, kombi qızır və sönür. Əlamətlərdən biri də işləyən zaman qaynama səsinə bənzər küydür. Eşanjörün yuyulması bu problemi həll edir.

7. Elektrik gərginliyi

Elektron lövhə gərginlik dəyişmələrinə həssasdır. İşıq gedib-gələndə kombi xəta verib dayana bilər. Stabilizator qoşmaq lövhəni qoruyur və belə sönmələrin qarşısını alır.

Nə vaxt özünüz heç nə etməməlisiniz: qaz iyi hiss olunursa, kombinin korpusu qaralıbsa və ya alov sarı rəngdədirsə, cihazı söndürün və mütəxəssis çağırın. Qaz iyi varsa, əvvəlcə 104-ə zəng edin.

Səbəbi tapa bilmədinizsə və ya problem təkrarlanırsa, kombi ustamız xəta kodunu oxuyub nasazlığı yerində müəyyən edəcək.